Ermənistanla Azərbaycan arasında dialoqun başlanması üzrə növbəti addımlara dair tövsiyələr

Bu sənəd Almaniya Federativ Respublikasının Xarici İşlər üzrə Federal Nazirliyinin maliyyə dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münaqişə üzrə dialoq layihəsi çərçivəsində hazırlanıb.

Metodologiya

2022-ci ilin noyabr və dekabr aylarında Ermənistan (Yerevan) və Azərbaycanda (Qazax rayonu) çarpaz dialoq görüşləri keçirilmiş və bu görüşlərdə Ermənistan və Azərbaycan arasında dialoqun başlanmasına dair tövsiyələrlə bağlı erməni və Azərbaycan cəmiyyətlərinin fikirlərinin kəsişməsinə nail olunmuşdur. Görüşlərdə yaşı 17-dən 66-ya qədər 37 kişi və qadın (qaçqınlar və münaqişədən zərər çəkmiş yerli sakinlər, habelə münaqişənin birbaşa təsirinə məruz qalmamış insanlar) iştirak edib. İştirakçıların coğrafiyası hər iki ölkənin həm mərkəzi şəhər və qəsəbələrini, həm də sərhədyanı əraziləri əhatə edib.

İş bir neçə görüş ərzində aparılıb, işçi altqruplar 5-6 nəfər olmaqla bölünüb. Bu görüşlərdə iştirakçılar sülh barədə təsəvvürləri və ona nail olmaq üçün nə etmək lazım olduğuna dair fikir mübadiləsi aparıblar.

Müzakirə hər iki tərəf arasında əvvəlcədən razılaşdırılmış məsələlər ətrafında aparılıb. Bu məsələlər həm iştirakçıların mövqeyinin, həm də sülh və dialoqla bağlı təkliflərin öyrənilməsinə yönəlmişdi. Görüşlərin gedişatında iştirakçılar sülh prosesinə mane olan mövcud problemlər barədə də danışıblar. Bu sənəddə əsas təklifləri qruplaşdırmağa və çatdırmağa çalışmışıq.

İştirakçıların tövsiyələri

  • Cəmiyyətlər stereotiplərdən əl çəkməli, bir-birinin dəyərlərini və mədəniyyətlərini öyrənməyə başlamalı, təsadüfləri qəbul etməli və fərqliliklərə münasibətdə dözümlülük nümayiş etdirməlidir.

Qarşıdurma illərində cəmiyyətlərdə mehriban qonşuluq münasibətlərinin ehtimal edilməsini qeyri-mümkün edən düşmən obrazı güclənib. Sıravi vətəndaşlar qarşı tərəfin dəyərləri və mədəniyyəti ilə nə qədər az tanış olsalar, hakimiyyət üçün hissləri və əhval-ruhiyyəni manipulyasiya etmək, faktları təhrif etmək və beləliklə, cəmiyyətləri radikallaşdırmaq və demonizasiya etmək, stereotiplər tətbiq etmək bir o qədər asan olar. Qarşı tərəfin dəyərlərini və mədəniyyətini tanımaq və öyrənməklə siz çoxsaylı ortaq cəhətlər tapa və bizi fərqli edən xüsusiyyətlərin dözülməz olmadığını görə bilərsiniz. Bunun qəbul edilə biləcəyi artıq aydındır. Mədəniyyətlərimizin qəbul etmədiyini isə biz müzakirə edə, hadisələrin səbəblərini başa düşə və gələcəkdə bununla birgə necə yaşamanın və ya bunu dəyişdirməyin mümkün olacağı barədə düşünə bilərik.

İnsanlar arasında stereotiplərin müəyyən edilməsi və aradan qaldırılması istiqamətində hərəkətə keçmək lazımdır. Bu, xalqlarımız arasında heç bir genetik, daimi düşmənçiliyin olmadığını, problemlərin mistik deyil, real olduğunu anlamağa kömək edəcəkdir. Bəlkə bundan sonra xalqlar bir-birinin problemlərini daha yaxşı başa düşəcəklər.

Stereotipləri müəyyən etmək üçün sahə işi də vacibdir. Sosial tədqiqatların köməyi ilə belə stereotiplər müəyyən edilməli, qruplaşdırılmalı və onların əsassız olduğu sübut edilməlidir. Bir-birinin dəyərləri və mədəniyyəti ilə tanış olmağı mümkün edəcək platformalar yaratmaq lazımdır. Bundan sonra bu məqsədlə birgə və ya ən azı paralel layihələr həyata keçirilməlidir.

  • Beynəlxalq norma və hüquqları rəhbər tutaraq heç bir tərəfin hüquqlarını pozmamağa çalışmaq

Onilliklərdir ki, qarşıdurmamızda beynəlxalq normaların və insan hüquqlarının daim pozulması faktı ilə üzləşirik.  Çox vaxt ölkə rəhbərlərinin imzaları ilə təsdiq edilmiş razılaşmalara əməl edilmir. İnsan özünü tamamilə müdafiəsiz hiss edir. Bunun nəticəsidir ki, qarşı tərəfə inamsızlıq ildən-ilə artır.  Hər iki tərəfin beynəlxalq norma və hüquqlara riayət etməsi gücləndirilərsə, heç olmasa, silahlı qarşıdurmanı dayandırmaq mümkün olar. Ümid yaranacaq və bununla birlikdə münaqişənin sülh yolu ilə həlli üçün yeni, alternativ fikirlər/üsullar ortaya çıxacaqdır. Hüquq və normalara riayət edilməməsinin böyük/güclü ölkələrin daha kiçik/zəif olanları qəbul etməsinə səbəb ola biləcəyi dərk ediləcək. Qarşı tərəfə inam artacaq, bununla birlikdə isə hər kəs üçün daha dayanıqlı şəxsi təhlükəsizlik hissi yaranacaq.

Biz bilirik ki, hər iki ölkə Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasını qəbul etməyib. Bu mexanizm barədə ictimaiyyətin məlumatlılığı münaqişənin həllinə kömək etməyəcək, əksinə, dünyanın hansı əməlləri hərbi cinayət kimi tanıdığını açıq şəkildə göstərəcəkdir. Bu, tərəflərin nəinki müharibənin yolverilməzliyi və münaqişənin həllinin zorakı üsulları barədə məlumatlılığını gücləndirəcək, həm də onların maksimalist iddialarından əl çəkməsinə kömək edəcəkdir. Cəmiyyətlər mövcud beynəlxalq norma və hüquqlar, habelə onlara riayət edilməməsinin nəticələri barədə məlumatlandırılmalıdır. Beynəlxalq hüquq, tematik materialların dərc edilməsi və maarifləndirici təlimlərin keçirilməsi sahəsində mütəxəssislərlə təhsil layihələri və müzakirələr zəruridir.

  • İnsanları münaqişələrin həllinin müxtəlif dinc (qeyri-hərbi) üsulları barədə məlumatlandırmaq

Cəmiyyətlərimizdə münaqişənin ancaq güc yolu ilə həll oluna biləcəyi fikri formalaşıb. İnsanlar ərazi mübahisələrinin həllinin müharibədən başqa zorakı olmayan digər üsullarından xəbərsizdirlər. Bu, cəmiyyətin aşağıdan hərbiləşdirilməsinə, ərazi münaqişələrinin həllinin yeganə üsulunun müharibə olduğu qənaətinə gətirib çıxarır.

Beynəlxalq normaların qəbul edilməsinin və insan hüquqlarına hörmətin alternativ qüvvəsinin dərk edilməsi ölkələrimizdəki cəmiyyətlər üçün prioritet məsələyə çevrilə bilər. Qarşıdurmamızın dinc yolla həlli ilə bağlı aşağıdan yuxarıya mesaj (qan tökülməsindən imtina tələbi) göndərməyə ehtiyac yaranacaqdır. Cəmiyyətin sülh arzusunu nəzərə alaraq, münaqişələrin qeyri-zorakı üsulla həll olunacağına inanan insanlar müharibəyə qarşı çıxacaqlar.

Cəmiyyətləri ərazi mübahisələrinin həllinin mövcud qeyri-zorakı üsulları və artıq bu yolla həll olunmuş münaqişələrin tarixi ilə tanış etmək üçün maarifləndirici layihələrə (beynəlxalq ekspertlər cəlb edilməklə) ehtiyac var. Bu barədə filmlər çəkilə, müvafiq materiallar dərc edilə, treninqlər və konfranslar keçirilə bilər.

  • Cəmiyyətləri kompromislərə hazırlamaq

Nə qədər çox qan tökülərsə, etibara və bununla da, sülhə gedən yol bir o qədər uzun olar. Sərhədlər və sülh sazişi ilə bağlı razılığa gəlmək mümkün olsa belə, hər iki ölkənin əhalisinin gözündə sazişin legitimləşdirilməsi məsələsi ortaya çıxacaq ki, hazırkı tarixi məqamda da heç bir tərəf buna hazır deyil.

Cəmiyyətlər işə yarayan sülh sazişi üçün bu cür populyar olmayan kompromislərə hazır olmalıdır. Cəmiyyətlər heç bir tərəfin təhlükəsizliyini zərbə altına qoymayacaq həll yollarının axtarışı və ya kompromislər vasitəsilə təhlükəsizlik zəmanətlərinin axtarışı üçün müzakirələrə başlayacaqlar.

Kiçik qruplarda dəvət olunmuş mütəxəssislərlə (politoloqlar, beynəlxalq hüquqşünaslar, diplomatlar) münaqişənin mümkün həll yolları və onların mümkün nəticələri barədə çoxsaylı müzakirələrin aparılması zəruridir.

  • Öz ölkəsinin fəal və dürüst vətəndaşı olmaq: öz mövqeyini ifadə etməyə və müdafiə etməyə çalışmaq

Cəmiyyətlərimizdəki insanların əksəriyyəti hesab edir ki, münaqişənin həllində şəxsən onlardan heç nə asılı deyil, onlar öz hökumətlərinin qərarlarına heç bir şəkildə təsir göstərə bilməzlər.  Bu münaqişənin qurbanları əksər hallarda cəmiyyətin sıravi üzvləridir.

İnsanın fəal mövqeyi ölkənin vətəndaş cəmiyyətinin qurulmasına, ictimai rəyin formalaşmasına təsir göstərir. Fəal vətəndaşların fikirləri nəzərə alınmadıqda, rəhbərlik yenidən seçilməmək riski ilə üzləşir. İnsanların öz mövqeyini fəal şəkildə müdafiə etməsi ölkə rəhbərliyinin qərar qəbul etməsinə təsir göstərə bilər. Vətəndaşlar öz hüquqlarını bilməli və onları hakimiyyətin maraqlarına qurban verməməlidirlər. Hökumət vətəndaşların real istəklərini nəzərə almalıdır.

Qeyri-formal təhsil yolu ilə vətəndaş cəmiyyətini inkişaf etdirmək lazımdır. İnsan hüquqları, konstitusiya, dövlət idarəçiliyində fərdlərin rolu barədə məlumat verməklə və onun üstünlüklərini izah etməklə maarifləndirici layihələr vasitəsilə demokratik dəyərləri və insan hüquqlarına dair bilikləri tətbiq etmək

  • “Bərabər-bərabərə” prinsipi ilə dialoq vasitəsilə “etimad körpüləri” qurmaq

Münaqişə tərəflərindən biri həmişə öz maksimalist şərtlərini irəli sürürsə, konstruktiv dialoq qurmaq çətinləşir. İstənilən təzyiq, zorakılıq gec-tez qarşıdurmaya səbəb olacaq, yəni yeni hərbi toqquşmalara rəvac verəcəkdir. Siyasi manipulyasiya münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesi üçün daimi təhlükə yaradır. Müharibə səbəbindən cəmiyyətlərimiz arasında demək olar ki, heç bir əlaqə yoxdur. Bu cür ünsiyyət çatışmazlığı cəmiyyətləri bir-birindən daha da uzaqlaşdırıb.

“Etimad körpüləri”nin qurulması və konstruktiv dialoq vasitəsilə düşmən obrazının silinməsi, bu ərazidə yaşayan etnik qrupların qarşılıqlı tolerantlığı, anlaşması və mədəni mühitinə hörmətin aşılanması prosesinə mərhələli şəkildə başlamaq olar.

Əlaqələr qurmaq cəhdi gələcəkdə mümkün sülh sazişlərinin icrası üçün zəmin yaratmaq istiqamətində ilk addım olacaqdır. Canlı ünsiyyət nifrət və aqressiya dərəcəsini azaltmağa kömək edəcək.

Neytral ərazidə canlı ünsiyyət, tematik əyani görüşlər üçün platformaların yaradılması vacibdir. Birgə layihələr üçün imkanlar axtarmaq

Təhlükəsizlik (dövlətlərin və ayrı-ayrı şəxslərin), insan hüquqları, demokratikləşmə və vətəndaş cəmiyyətinin inkişafı məsələləri üzrə, habelə humanitar sahədə və beynəlxalq hüquq sahəsində dialoq qurmaq lazımdır. Fikir mübadiləsi üçün ümumi platforma yaratmaq və müxtəlif mütəxəssislər, eləcə də münaqişə nəticəsində zərər çəkmiş insan qrupları arasında dialoq görüşləri, ünsiyyət üçün müzakirələr, panellər və konfranslar təşkil etmək olar.

  • Mədəni əlaqələrin qurulması

Hər iki ölkə müstəqillik əldə etdikdən sonra münaqişə səbəbindən çətinliklə əlaqələr qurulub. Mədəni əlaqələrin qurulması bu cür yadlaşmanın öhdəsindən gələ bilər.

Beləliklə, dialoq kanalları açılır və insanların bir-birini tanıması asanlaşır.

Bunu birgə qısametrajlı və sənədli filmlər çəkmək, bədii hekayələr yazmaq, birgə musiqi və rəqs klipləri yaratmaq və s. kimi yollarla etmək olar.

  • Təbliğatı müəyyən etmək üçün əhalinin media savadlılığını artırmaq lazımdır

Təbliğat hər iki cəmiyyət daxilindəki real vəziyyəti üzə çıxarmaq üçün əngəldir. KİV-dəki xəbərlərin əhəmiyyətli bir hissəsini təbliğat və saxta məlumatlar təşkil edir. Çox vaxt insanlar xəbərin mənbəyinə baxmadan KİV-i oxuyub ona inanır, real xəbərlə saxta xəbəri ayırd edə bilmirlər.

Media savadlılığını artırmaqla təbliğatın təsirini azaltmaq olar. Bunun üçün media savadlılığı üzrə təlimlər keçirmək, bununla bağlı materiallar hazırlamaq olar.

  • İnternetdə nifrət nitqi ilə mübarizə aparılmalıdır

İnternetdəki nifrət ekosferi ölkələrdəki real vəziyyəti və qarşı tərəfə münasibəti əks etdirmir. Qarşılıqlı nifrət xüsusilə İnternet məkanında aşılanır. Sosial şəbəkələr virtual döyüş meydançalarına bənzəyir. Həm informasiya materiallarında, həm də onlara şərhlərdə milliyyətçi və şovinist çıxışlar var. Bu nifrət nitqi eyni düşmənçilik ruhunda yeni nəsillər yetişdirir və sülh ehtimalını daha da uzaqlaşdırır. Bir çox hallarda insanlar oxuduqları materialın nifrət nitqinin təsiri altında olduğunu dərk etmirlər.

 

Meta-tövsiyələr

  • Bu tövsiyələrin toplanması üzrə başlanmış işi davam etdirmək və müzakirə iştirakçılarını qarşı tərəfin nəticələri ilə tanış etmək, alınan tövsiyələrdəki fərq və oxşarlıqları müzakirə etmək lazımdır.
  • Formalaşdırılmış ümumi tövsiyələr əsasında minidialoq qruplarında (10 nəfərə qədər) növbəti addımları işləyib hazırlamağa dəyər.
  • Danışmaq/öz fikrini ifadə etmək, dinləmək/deyilənləri qavramaq, danışıqlar aparmaq və yalnız tövsiyələrinə diqqət yetirmədən qruplarda işləmək bacarıqları üzrə təlimə (hər bir ölkə daxilində ayrıca minidialoq qruplarında) ehtiyac var.

Nəticə

Ermənistan tərəfi: Biz XXI əsrdə qan tökülməsini, münaqişənin güc yolu ilə həllini yolverilməz hesab edirik. Cəmiyyətləri mövcud beynəlxalq norma və hüquqlar, ərazi mübahisələrinin sivil, qeyri-zorakı üsullarla həlli imkanları barədə məlumatlandırmaq üçün bütün mümkün səylər göstərilməlidir. Ölkələrimizdə cəmiyyətlərin demonizasiyası və radikallaşdırılmasının əksinə olaraq, konstruktiv dialoq vasitəsilə “etimad körpüləri” qurmağa çalışmalıyıq. Ancaq bu addımların mümkün olması üçün, aqressiv hərəkətləri dayandırmaq, insanların təməl hüquqlarına hörmət etmək lazımdır.

Azərbaycan tərəfi: İki xalq arasında mövcud münaqişənin həlli mühüm vəzifədir. Bunun üçün cəmiyyətlərimiz bir-birini başa düşməyi öyrənməli və birgə yaşayışı mümkün etməlidir. Cənubi Qafqazda hazırkı inkişaf, firavanlıq və müstəqil dövlət quruculuğu beynəlxalq hüquq norma və prinsiplərinə uyğun ədalətli sülh əldə edilmədən tamamlana bilməz. Xalqlarımız ayağındakı bu zəncirdən qurtulmalı, gələcəyə sülh və mehriban qonşuluq şəraitində addımlamalıdır.

Qeyd edək ki, bu tövsiyələr Ermənistan və Azərbaycan hökumətlərinin iştirakı olmadan toplanıb və hər iki tərəfdə keçirilən tədbirlərdə qrup üzvlərinin real təkliflərini əks etdirir.

This entry was posted in Articles. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s